Siyasət

Almaniyalı deputatlar Xocalı ilə bağlı bəyanat qəbul edib

Almaniya Bundestaqının bir qrup üzvü Uve Feiler, Olav Qattinq, Dr. Hans Mişelbax, Dr. Filipp Muhrmann və Norbert Şindler Xocalı soyqırımının 25 illiyi münasibətilə bəyanat qəbul ediblər.

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir ki, fevralın 25–dən 26-na keçən gecə Xocalı qətliamının 25-ci ildönümü qeyd olundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda 613 mülki sakin qətlə yetirilmişdir. Xocalı qırğınında 106 qadın, 63 azyaşlı uşaq və 70 ahıl insan öldürülmüşdü.

Almaniyalı deputatlar Cənubi Qafqazda yaranmış mövcud vəziyyətlə bağlı həm siyasi, həm də iqtisadi cəhətdən narahat olduqlarını ifadə ediblər. Qeyd olunur ki, Dağlıq Qarabağ və ona bitişik rayonlarda gərgin vəziyyət hökm sürür. Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı faktı beynəlxalq hüququn bütün qaydalarını pozulması deməkdir.

Bəyanatın yekunuda bildirilir: “Xocalı qətliamının 25-ci ildönümü münasibətilə, biz, Almaniya Bundestaqının üzvləri kimi tələb edirik ki, Almaniyanın xarici siyasəti Cənubi Qafqazda davamlı sülhə nail olmaq səylərini gücləndirməli və tərəfləri bu sülhü qorumaq üçün inandırmağa çalışmalıdır. Beynəlxalq təşkilatların qətnamələri yerinə yetirilməlidir. Məsələnin sülh yolu ilə həlli təhlükəsizlik və iqtisadi baxımdan zəruri olmaqla yanaşı, eyni zamanda, Almaniya və Avropa üçün də yüksək dərəcədə əlverişli olacaq”.

 

Mövzuyla əlaqəli məqalələr