Sənin fikrin

"Hicaba azadlıq!" tələb edənlərə divan tutuldu və cinayət işi açıldı həbslər var

Oktyabrın 5-də bir qrup insan Təhsil Nazirliyi qarşısında hicabla bağlı aksiya keçirib: Aksiyaçılar məktəblərdə hicaba qadağanın aradan qaldırılmasını tələb ediblər

“Hicaba azadlıq”, “Hicabı qanımızla müdafiə edəcəyik!” şüarları səsləndirən aksiyaşılarla polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları da polisə müqavimət göstəriblər. Hər iki tərəfdən xəsarət alanlar olub. Hətta aksiyanın dağıdılmasına rəhbərlik edən Bakı Şəhər Polis Idarəsinin rəis müavini Səhlab Bağırov da xəsarət alıb. Aksiyaçılar Səhlab Bağırovun üzünü yaralayıb. Lakin rəis müavini modern.az-a bildirib ki, yarası ağır deyil.


AXCP partiyasının fəal üzvü, ictimai fəal  Rail Behbudovun  sözlərinə görə Aksiya dağıdıldıqdan sonra Təhsil Nazirliyi polis mühasirəsinə alınıb. Əraziyə zirehli avtobuslar və FHN-in əsgərləri də gətirilib. R. Behbudov etirazçıların da müqaviməti davam etdirməyə hazır olduqlarını bildirib.

“Hicaba azadlıq”, “Hicabı qanımızla müdafiə edəcəyik!” şüarları səsləndirən aksiyaşılarla polis arasında qarşıdurma yaranıb


Günün ikinci yarısında Bakı şəhər Prokurorluğu və Baş Polis Idarəsi aksiya ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, oktyabrın 5-də saat 12 radələrində ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəribr. Məlumatda daha sonra bildirilir: “Ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər. Onların cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub.
Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklərlə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. Istintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Azərbaycan Islam Partiyası (AIK) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib: “Aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərimizdə aksiyada iştirak etmək barədə heç bir göstəriş verilməyib. Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır”.
A.Heydərli deyib ki, AIP dindarların aksiyasının zorakılıqla qarşısının alınmasını qətiyyətlə pisləyir: “Dövlət qurumları vətəndaşların haqlı tələblərinə biganə yanaşdıqca, bu cür radikallıq meydana gəlir. Təhsil müəssisələrində hicabın qadağan olunması ilə bağlı əlaqədar orqanların mövqeyi utanc vericidir. Bu məsələ xalqın maraqları çərçivəsində həll olunmalıdır”.

 

Mövzuyla əlaqəli məqalələr