Xəbərlər

“Seymur Həzinin həbsi ifadə azadlığına qarşı Azərbaycan hakimiyyətinin dözümsüzlüyüdür”

Adil İsmayılov: “Seymur Həzi heç bir xuliqanlıq etməyib, onun həbsi siyasi sifarişdir”

Avqustun 29-da “Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzi saxlanılaraq, Abşeron rayon Polis İdarəsinə aparılıb. Seymur Həzinin tanımadığıa adama qarşı xuliqanlıq etdiyi iddia olunur. Hadisə ilə bağlı Abşeron Rayon Polis Şöbəsinin istintaq bölməsində "silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə xuliqanlıq" maddəsi ilə cinayət işi açılmışdı.

 

Seymur Həzi öz həbsinin ictimai fəaliyyətlə bağlı olduğunu deyir. Jurnalistin vəkili Adil İsmayılov deyib ki, Seymur Həzi heç bir xuliqanlıq etməyib:

 

“Onun həbs olunması siyasi sifarişdir. Azərbaycan hakimiyyəti ölkədə siyasi motivli həbslərin baş vermədiyini iddia etsə də, reallıq başqadır. Seymuru tanıyanlar yaxşı başa düşürlər ki, o heç zaman xuliqanlıq etməz. Hesab edirəm ki, bu həbs söz və ifadə azadlığının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Biz hüquq çərçivəsində Seymurun azadlığa şıxmasına çalışacağıq. Lakin indiki vəziyyətdə bunun nə qədər real olduğunu bilmirik. Düşünürəm ki, beynəlxalq jurnalist təşkilatları da bu həbsə biganə qalmamalıdırlar. Biz bacardığımız qədər məsələnin əsas mahiyyətini çatdıracağıq. Söhbət, bir jurnalistin bəhs olunmasından getmir, bir söz adamınn, tənqidi mövqeyi ilə tanınmış bir gəncin günahsız və saxta ittihamlarla həbs olunmasından gedir”.

İnsan Hüquqları və Sosial Bərabərlik İnstitunun sədri Elnarə Ağayeva da jurnalistin həbsini pisləyib: “Azərbaycan hakimiyyəti demokratiya imitasiyasından imtina edərək, bütövlükdə demokratik qüvvələrə qarşı total repressiyalara start verib. Dəfələrlə müxtəlif təzyiqlərə məruz qalan S.Həzinin şikayətlərini tədqiqat aparmadan kənara qoyan hüquq-mühafizə orqanlarının təsadüfi görünən bir hadisə nəticəsində onu dərhal həbs etməsi bu hadisənin öncədən planlaşdırılması anlamına gəlir. Hesab edirəm ki, Seymur Həzinin həbsi ifadə azadlığına qarşı Azərbaycan hakimiyyətinin dözümsüzlüyünün nümunəsi və ölkədə başlanan geniş miqyaslı repressiyaların davamı olduğunu bəyan edir. Mən bu həbsi qəti şəkildə pisləyir,  hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Seymur Həzi və digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edirəm”.

Hakimiyyətini mətbuata qarşı təzyiqlərə və təqiblərə son qoymalıdır. Jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması ümumilikdə cəmiyyət və dövlət üçün təhlükəli tendensiyadır. Hökumət tənqidə görə repressiyalara son qoymalı, siyasi davranışlarını ciddi korrektə etməlidir. Əks halda saxta ittihamlarla təşkil olunmuş həbslər hökumətə ciddi probemlər yaşada bilər – E.Ağayeva bildirib.

 

 

Mövzuyla əlaqəli məqalələr