Xəbərlər

Əsirlikdə olan Dilqəm Əsgərovdan məktub: "Ürəyimdə, başımda və sağ ayağımda şiddətli ağrılar var”

"Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu yazıb".

Erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov ailəsinə növbəti dəfə məktub göndərib.

Bu barədə  girovun qardaşı Sahib Musayev məlumat verib. Onun sözlərinə görə, Dilqəmin səhhətində ciddi problemlər var.

“Qardaşım məktubuma cavab yazıb. Heç də yaxşı xəbər almamışam. Dilqəm səhhətində ciddi problemlərin olduğunu, vəziyyətinin pis olduğunu yazıb. O, məktubunda xəstə olduğunu, ürəyində, başında və sağ ayağında şiddətli ağrıların olduğunu bildirib. xəstəliyinə görə, hazırda müalicə alır, ona iynə vururlar. Dilqəmin səhhətinə görə çox narahatıq” deyə qardaşı Sahib Musayev bildirib.

Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb.
İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurublar. “Məhkəmə”nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub

Mövzuyla əlaqəli məqalələr