İdman

Qalmaqallı "Qarabağ"-"Qəbələ" oyunu yenidən keçirilə bilər

Dünən bir OYUN oldu. Adı futbol olsa da, futboldan tamamilə uzaq, çirkli, kirli və film kimi bir oyun. Baş rolların ifaçıları da öz yerindəydi. Futbol şou biznesinin əvəzolunmaz ulduzları Ramin Musayev və Xəqani Məmmədov. Kütləvi səhnələrdə isə FİFA hakimi Rəhim Həsənov və briqadası idi.

Şərti olaraq "Məzlum Qəbələ" adlandırdığımız oyunda baş verənləri və digər pərdəarxası məqamları Ölkə.Az olaraq diqqətinizə çatdırmağa çalışacağıq. Əvvəla ondan başlayaq ki, niyə məhz "Məzlum Qəbələ?" Ona görə ki, Ramin Musayevin "Qarabağ"ına rəqib olursansa, aqibətin ən yaxşı halda belə olur.

Dünən "Azərsun arena"da baş verən biabırçılığı, "Qəbələ"nin üç xalının zorla əlindən alındığını hamı gördü. Elə Musayevin oyundan sonrakı şousu da diqqətdən yayınmadı.

Birincisi, olmayan penalti verildi və maraqlıdır ki, "Qarabağ" bu dəfə ədalətsiz penaltini kənara vurmadı. Oyunun ikinci hissəsinə dörd dəqiqə artırılsa da, qol 98-ci dəqiqədə (daha dəqiq, 97:03-cü dəqiqədə) vuruldu. "Qarabağ"ın qırmızı vərəqə alan oyunçusu Riçard Almeyda meydanı tərk etmədi, hətta qoldan sonra sevincini elə meydandaca komanda yoldaşlarıyla bölüşdü. Oyun başa çatmadı. Çünki Rəhim Həsənov meydanda kənar şəxslər ola-ola final fitini çaldı. Bütün bunları FİFA-nin rəsmi qaydaları çərçivəsində izah etməyə çalışacağıq.

Öncə bir xatırlatma edək.

Adətən bu kimi yazılarımızda Ramin Musayevin "Qarabağ" sevdalısı olduğundan bəhs etmiş, hətta çempionluğun taleyini də məhz onun həll etdiyini dəfələrlə vurğulamışıq. Göründüyü kimi yazdıqlarımız bir-bir öz yerini tutur.

Amma bir daha xatırlatmağı vacib bilirik. Nə qədər ki, Ramin Musayev PFL rəhbəridir, "Qarabağ"dan başqa heç bir klub çempion ola bilməz və artıq bütün klublar bu reallıqla barışıblar. Fakt budur ki, "Neftçi"nin 4-5 il əvvəl etdiyini indi "Qarabağ" edir. Sadəcə, fərq ondadır ki, "Neftçi" bunu hakimlərlə edirdisə, "Qarabağ" daha ağıllı tərpənərək işini birbaşa Musayevin özüylə görür.

Cəmi səkkiz komandanın mübarizə apardığı Azərbaycan çempionatında normal futbol oynayan iki klub var. Məhz bu iki komandanın oyununda belə OYUN çıxarmaq təkcə futbola yox, azarkeşlərə də xəyanətdən başqa bir şey deyil.

Gələk oyunun sonrakı taleyinə. Böyük bir iddia ortaya qoyub, bu iddianı qaydalarla sübut edəcəyik.

Bu oyun birmənalı şəkildə təkrar keçirilməlidir. Çünki burada FİFA-nın oyun qaydalarına nəinki riayət olunmayıb, həmin qaydalar tapdalanıb.

Oyun üç halda təkrar keçirilə bilər. Vaxt, "lipa" və meydan amilinə görə. Bu üç səbəbdən ən əsası vaxtdır.

Bu oyunda nə baş verdi?

Rəhim Həsənov oyunda dörd dəqiqə əlavə etdi. Halbuki üç dəqiqəylə də kifayətlənmək mümkün idi. 93-cü dəqiqədə "Qarabağ"ın futbolçusu Riçard Almeyda qırmızı vərəqə aldı. Buna görə hakim bir dəqiqə də əlavə etməlidir. Yəni əlavə dörd yox, beş dəqiqə oynanılmalıdır. Əgər gedişat bir az da yubanarsa, daha bir dəqiqə də əlavə oluna bilər. Yəni 90+6 dəqiqə. Bu matçda isə qol 98-ci dəqiqədə vurulur.

Bu nə deməkdir? FİFA-nın təsdiq etdiyi statusun kobud şəkildə pozulması, komandalardan birinin haqqının biabırçı şəkildə tapdalanması.
Oyunun təkrar keçirilməsi üçün ikinci səbəbə baxaq. FİFA-nın oyun qaydalarında belə bir məqam var. Qırmızı vərəqə alan oyunçu ümumiyyətlə meydanı tam tərk etməlidir. Bu, ya geyinib-soyunma otağı, ya da tribuna ola bilər. Almeyda isə nəinki meydanı tamamilə tərk etmişdi, hətta texniki zonadaydı. Almeyda texniki zonada olarkən Həsənov oyunu bərpa etdi və bu da FİFA-nın oyun qayydalarının pozulması deməkdir. Əgər Almeyda texniki zonada kimisə vursaydı, buna görə məsuliyyəti kim daşıyacaqdı?

Və üçüncü səbəbə diqqət yetirək.

Oyunun videogörüntülərində açıq-aşkar görünür ki, final fiti çalınan zaman meydanda komandalardan savayı, kənar şəxlər də var idi. Belə olan halda hakimin oyunu bitirməsi mümkün deyil.

Bu bizim təqdim etdiyimiz üç səbəb. Əgər lazım gələrsə, FİFA-nın əsasnamə və oyun qaydalarını da buraya əlavə edə bilərik. Amma fikrimizcə, lüzum yoxdur və hər şey ortadadır.

İndi isə oyunun pərdəarxası məqamları barədə.

Hamı bilir ki, həm Ramin Musayevin, həm də Xəqani Məmmədovun Qriqorçukla münasibətləri yaxşı deyil. Hətta deyə bilərik ki, bu iki şəxsin ukraynalı mütəxəssisdən zəhləsi gedir və dəfələrlə hakimlərin iclaslarında fit sahiblərinə Qriqorçukun komandasına qarşı amansız olmaq tövsiyyə olunub.

Məlumdur ki, Rəhim Həsənov və Əliyar Ağayev "Qarabağ"a simpatiyası olan fit sahibləridir. Onların idarə etdikləri oyunların 90 faizində "Qarabağ" qalib gəlib və bu iki şəxs kobud səhvlərlə yadda qalıblar.

Bəs "Qəbələ" bunu bildiyi halda niyə Həsənovun bu təyinatına qarşı çıxmadı, bəlli deyil. Lütfən, dünənki oyunun hakimlər briqadasına baxın-Rəhim Həsənov, Orxan Məmmədov, Əliyar Ağayev... Necə deyərlər, bir Ramin Musayev şedevri.

Yeri gəlmişkən "Qarabağ" qol vurarkən Musayevin VİP lojada necə sevindiyini görənlər də təəccübləniblər.

Bu arada Rəhim Həsənova bir sual. Dünənki oyunun fasiləsində ona kim zəng vurub? Oyunun hakimi Məlik Həsənov ona nə tapşırıq verib? Bütün bunlar cavablandırılası, amma cavablandırılması elə də asan olmayan suallardır.

Sual olunur-niyə "Qarabağ"ı bu qədər yuxarı dartırsınız? Niyə "Qəbələ" çempion olmamalıdır ki? Onlar bizim deyilmi? Deyiləcək bir söz var. Doğrudan da utana bilmək gözəl hissdir.

Azarkeşlər bilməsə də, biz bilirik axı. Hər halda indiyə kimi yazdıqlarımız öz yerini tapıb. Yeri gəlmişkən, çempionatımızın bu il üçün ilk üçlüyündə bu komandalar qərarlaşacaq. Çempion "Qarabağ", ikinci yerin sahibi "Qəbələ" olacaq. Bürünc medalları isə "İnter" götürəcək. Çünki Musayevin "İnter"in himayəçisi Elmar Məmmədova verdiyi bir söz var. Bu komanda üçüncü pilləni tutmalıdır. Ancaq "bürünc" sözünü Musayev nəyin qarşılığında verib, onu deyə bilmərik.

Daha bir maraqlı məqam Elxan Məmmədovun bu biabırçılığa necə reaksiya verəcəyidir. İnanmaq istərdik ki, o susmayacaq. Hər halda bu, elə də inandırıcı görünmür.

Mövzuyla əlaqəli məqalələr