Baxış bucağı

"Etibar Məmmədov Sürət Hüseynovla birləşib rayonlarda hakimiyyəti ələ keçirməklə dövləti cinayət edib"

Oqtay Qasımov: "Məsuliyyət komandanın rəhbəri olaraq Əbülfəz Elçibəyin üzərində qalır"

Məhrum prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Kanal 13”də, “Onun baxış bucağı”nda aparıcı Röya Rəfiyevanın qonağı olub. O, daha çox AXC dönəmi ilə bağlı yenidən müzakirə olunan məsələlərə münasibətini açıqlayıb. Həmçinin Dağlıq Qarabağ münaqişəsi ətrafında son baş verənləri şərh edib.

“Hesab etmirəm ki, prezident Əbülfəz Elçibəyin Kələkiyə gedişi komanda qərarı idi. Bu, Əbülfəz bəyin şəxsi qərarı olub. Daha çox təhlükəsizlik xidmətinə və müvafiq orqanlara sui-qəsd, digər məsələlərlə bağlı, Bakı şəhərində baş verəcək talanlarla bağlı məlumatlar daxil olurdu. Bütün bunları nəzərə alaraq Bakı şəhərini tərk etmək məcburiyyətində qaldı. Kələkiyə gedişin başqaları ilə müzakirə olunması bəlkə də vaxt baxımından çatdırılmamışdı. Komandasının istefası üçün Elçibəy heç bir təzyiq etməmişdi. Qərar komandanın daxilində aparılan müzakirələrin nəticəsində qəbul olunub.
Məsuliyyətin böyük hissəsi komandanın rəhbəri olaraq Əbülfəz Elçibəyin üzərindədir. Amma mən daxil olmaqla, komanda üzvlərinin hər birinin məsuliyyəti var. Hər kəs də öz mövqeyinə və vəzifəsinə uyğun olaraq o məsuliyyəti daşımalıdır. Bu gün məsuliyyətin yalnız bir nəfərin üzərinə qoyulmasının tərəfində deyiləm.
Əbülfəz bəy 1993-cü il mayın 26-da dövlət müdafiə komitəsinin toplantısı keçirilib, Gəncə və onun ətrafında yaranmış məsələlər müzakirə olunub, 709-cu hərbi birləşmənin Müdafiə Nazirliyinə tabe olmaq istəməməsi müzakirə olunub, orada faktiki fikir ayrılığı heç kəsdə olmayıb. Prezidentin də bu məsələdə mövqeyi konkret və qəti olub. Müzakirələrin yekununda Elçibəyin mövqeyi bundan ibarət olub: “Azərbaycan dövlətinə qarşı çıxacaq şəxs mənim qardaşım olsa belə, o, cəzasını almalıdır. Surət Hüseynov və onun rəhbərlik etdiyi hərbi hissə Azərbaycan dövlətinə və onun qanunlarına tabe olmalıdır. Tabe olmayacağı təqdirdə, ya həbs olunmalıdır, ya məhv olunmalıdır”. Prezident bundan artıq hansı göstərişi verməli idi?
4 iyun ərəfəsində Kəlbəcər rayonu və onunla birlikdə işğal olunmuş rayonların boşaldılması qrafiki razılaşdırılmışdı, təsdiqlənmişdi. İyun hadisələri bunun və digər proseslərin qarşısını aldı və biz bugünkü duruma gəldik. Biz Dağlıq Qarabağla bağlı konkret hədəfə çatırdıq.
Etibar Məmmədovun hakimiyyətə itaətsizlik etməsi ilə bağlı bəyanatı, rayon şöbələrinə hakimiyyəti ələ keçirmək barədə verdiyi təlimatlar, Müdafiə Nazirliyinə gedərək ona dəxli olmayan məsələlərə müdaxilə etməsi, qiyama təhrik etməsi, 13 iyunda müşavirə keçirərək bəyanat çıxarması faktdır. Etibar Məmmədovun nə deməsindən asılı olmayaraq, bu, dövləti cinayətdir və çevrilişə dəstəkdir. Bunlar Azərbaycan cəmiyyətinin, bizlərin yadından çıxmayıb.
Hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verənlər Rusiyanın xeyrinədir. Çünki Rusiya burada rıçaqlarını daha sıx tutmaq üçün bu problemdən istifadə edir. Azərbaycanın müstəqilliyinə hər zaman təhdid var. Rusiya özü də proqnozlaşdırılmayan dövlətdir, hakimiyyəti də sərt xətt tərəfdarı olan hakimiyyətdir. Tək şimaldan deyil, cənubdan da təhdid ola bilər”.

Mövzuyla əlaqəli məqalələr