Baxış bucağı

Keçmiş nazirdən sensasion açıqlama: "Əslində bir dollar bu gün 50 qəpik olmalıdır!" - Saleh Məmmədov

"Manatın devalvasiyaya uğraması bir oyundur, 90 faiz subyektiv səbəblərə söykənir"

“Bu gün üçüncü devalvasiyanın siqnalları verilir, əsası yoxdur. Ancaq hökumətin kuluarlarında bu fikir səslənir”

Sabiq maliyyə naziri Saleh Məmmədov “Kanal 13”də, Röya Rəfiyevanın aparıcısı olduğu "Onun baxış bucağı” verilişinin 46-cı buraxılışının qonağı olub.

Sabiq nazir bildirib ki, bir il əvvəl ölkə iqtisadiyyatının böhrandan çıxarmaq üçün vacib təkliflərlə çıxış etsə də, rəsmi cavab olmayıb: “Nəinki reaksiya, heç istifadə cəhdi də olmadı”.

Ekspert bildirib ki, ölkədə çox ciddi tənəzül, geriləmə var: “2016-cı ildə dörd ayı üçün Statistika Komitəsinin məlumatıdır. İqtisadiyyatda 4,5 faiz geriləmə var. Acınacaqlısı odur ki, qeyri-neft sektorunda azalma ümumi iqtisadiyyatdan da çoxdur. Hökumət özü də təsdiqləyir ki, geriləmə var. Bunun qarşısını almaq üçün sadə yollardan istifadə etmək lazımdır.
Azərbaycanda ötən il də devalvasiya üçün heç bir iqtisadi şərait yox idi. İndi də yoxdur. Bu gün üçüncü devalvasiyanın siqnalları verilir. Ölkənin iqtisadiyyatının bu vəziyyətə düşməsi on faiz obyektiv səbəblərlə əlaqəlidirsə, 90 faiz subyektiv səbəblər var, iki devalvasiyanın həyata keçirilməsi ilə əlaqəlidir.

Ölkəyə etibar minimuma endirildi. Beynəlxalq təşkilatlar ölkənin reytinqini ciddi surətdə aşağı saldılar. Yenə də gec deyil, prosesin öhdəsindən gəlmək olar. Qısa zamanda prosesi tənzimləmək olar.

Ölkənin bank sistemini gərginləşdiriblər. Azərbaycanın bank sisteminin dağılmaq ərəfəsində olduğu bildirilir. Hansı bank sistemi? Normal bank sistemi yoxdur Azərbaycanda. Bank sistemi tam monopoliyadadır. Ölkənin bank sistemi tamamilə yenidən qurulmalıdır.
Manatın real dəyəri bahadır. Bir dollar bu gün 50 qəpikdir əslində. Manatın real dəyəri dollardan iki dəfə çoxdur. Bunu mən demirəm, beynəlxalq təşkilatlar ümumi daxili məhsulu hesablayarkən deyirlər. Bu gün manatın devalvasiyaya uğraması üçün heç bir iqtisadi, obyektiv şərait yoxdur, əksinə, düzgün qərar qəbul olunsa, möhkəmlənə bilər. Amma beynəlxalq təşkilatlar son dövrlərdə bildirirlər ki, Azərbaycanda növbəti devalvasiya gözlənilir. Hansısa beynəlxalq təşkilat buraya gəlib rəhbərlərlə danışmasa, ağzını aramadan, əhval-ruhiyyəsini öyrənmədən belə açıqlama verə bilməz. Demək ki, bizim hökumətin kuluarlarında bu məsələlər səslənir ki, üçüncü devalvasiya ola bilər. Əgər olacaqsa, ölkə iqtisadiyyatını çox gərgin, pis vəziyyətə gətirib çıxaracaq”.

Mövzuyla əlaqəli məqalələr