Verilişlər

"Ölkənin daxilində vəziyyət çox kritik bir həddədir, Azərbaycan dağılmağa doğru gedir" - Əli Əliyev

Hər həftə müəyyən qlobal məsələlərlə bağlı müzakirələr aparan,”Onun Baxış bucağı” verlişinin bu həftəki qonağı “Vətəndaş və İnkişaf partiyası”-nın sədri Əli Əliyev oldu. Verliş boyunca onunla ölkənin və müxalifətin mövcüd durumu ilə bağlı müzakirələr aparıldı.

Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub.O, Milli-azadlıq hərəkatının fəal iştirakçısı və 1989-91-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin (AXC) üzvü olub. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 2005-ci ildə AMİP-in qurultayında partiyanın sədri seçilib.

Partiyadakı fikir ayrılığına görə, Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən “Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.

2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) “İnsan Naminə” seçki blokuna rəhbərlik edib.

Əli Əliyev müstəqillik dövrünün ilk prezidenti Ayaz Mütəllimovun imtiyazlarının ləğvi ilə bağlı dövlət başçısına etdiyi müraciətə aydınlıq gətirərək bildirdi ki, bu müraciətə hələ ki,dövlət başçısı tərəfindən heç bir reaksiya gəlməyib, lakin cəmiyyətdən, bir çox siyası xadimlərdən, həmçinin eks-prezidentin özü Ayaz Mütəllimovdan reaksiya gəlib. Əli Əliyevi bu addımı atmağa məcbur edən hadisə isə Ayaz Mütəllimovun müsahibəsində Azərbaycan Respublikasının müstəqillik əldə etməsinə mənfi reaksiya ilə yanaşması olub. Ə.Əliyevə görə ölkənin ağır, acılı bir dövründə hakimiyyətə gəlmiş bir prezidentin ölkənin müstəqilliyinə dırnaqarası baxması düzgün yanaşma deyil. Ə.Əliyev bildirdi ki, eks-prezident siyasi baxımdan hazırlıqsız ancaq iqtisadı baxımdan müəyyən qədər məlumatlı biri idi. Məhz siyasi duyumu olmadığı üçün A.Mütəllimov belə bir müsahibə verib.

VİP sədri, “Bəzi ekspertlər bildirir ki, A.Mütəllimov özbaşına bu cür müsahibə verə bilməzdi, təbii ki, o, bəzi hakim qüvvələr tərəfindən dəstəklənir” fikrinə isə birmənalı olaraq etiraz etdi. O, qeyd etdi ki, “Ayaz Mütəllimovun hakimiyyət daxilində kiminləsə əlaqə olması mümkündür ancaq onu bu müsahibəni verməyə məcbur edən içindəki kommunist sevgisidir. Təbii ki,burada Rusiyayada bir mesaj göndərilir. Çünki Ayaz Mütəllimov uzun müddət Rusiyanın qoynuna sığınıb”.

“Hakimiyyətdə Rusiyaya meyilli bir komandanın olması” fikinə qarşılıq olaraq Ə.Əliyev bildirdi ki: -“Ümumiyyətlə ölkənin daxilində vəziyyət çox kritik bir həddədir. Ölkə sanki dağılmağa doğru gedən bir orqanizm təsirini bağışlayır. Buna səbəb isə hakimiyyətdə olan boşluq və oliqarxların nəzarətsiz qalmasıdır!”

VİP sədri Heydər Əliyevlə İlham Əliyev hakimiyyət dövrü zamanı olan fərqlərə də toxunub. Onun sözlərinə görə Heydər Əliyev maksimum dərəcədə öz məmurlarını nəzarətdə saxlayırdı, lakin İlham Əliyev öz komandasını ərköyün tərbiyə edir.

“Nə üçün ölkə müxalifəti bu hakimiyyətin qarşısında acizdir?” sualını isə Ə.Əliyev özünəməxsus şəkildə cavabladı. O, qeyd etdi ki, “Bir müddət neftdən gələn pulların hesabına xalq xoş günə çıxmışdı, lüks həyat tərzi yaşayırdı. Ancaq bu sevinc çox uzun çəkmədi. Ölkədə böhran yarandı məhz buna görə də hakimiyyət xərclənən bu pulların ödənməsini xalqın çiyninə yüklədi. Kommunal xərclərin qiymətinin qalxması da buna bariz nümunədir. Bu şəraitin yaranmasında isə Azərbaycan xalqının böyük günahı var. Bunu Azərbaycan müxalifətinin günahı kimi göstərmək yanlışdır. Çünki xalq meydandan qırağa çəkilib və düşünür ki, ya müxalifət ya da hakimiyyət xalqı ağ günə çıxaracaq. Xeyr, əsla. Xalq xoş günü özü qazanmalıdır. Vuruşaraq, çalışaraq!”.

Sonda VİP sədri fikirlərinə əlavə olaraq bildirdi ki, “Azərbaycan müxalifəti olmasaydı, Azərbaycan bu günki siyası mənzərə ola bilməzdi. Çünki Azərbaycan hakimiyyəti çalışır ki, cəmiyyətin iradəsini qırsın. Buna görə də Azərbaycan xalqı meydanlara çıxaraq, öz haqqını tələb etməlidir, müxalifətlə xalq birləşməlidir, “mənim nəyimə lazımdır? ”deyib, qırağa çəkilməməlidir. Əks halda vəziyyət bundanpis olacaq”.

Mövzuyla əlaqəli məqalələr